Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan telefon söhbəti zamanı koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən işləri müzakirə ediblər.
“Mayın 24-də Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə telefonla zəng edib. Türkiyə prezidenti dövlətimizin başçısını və xalqımızı Ramazan bayramı münasibətilə təbrik edib, firavanlıq arzularını çatdırıb. Prezident İlham Əliyev, öz növbəsində bayram münasibətilə Türkiyə prezidentinə və Türkiyə xalqına təbriklərini və ən xoş arzularını ifadə edib”, - deyə Azərbaycan prezidentinin saytında məlumat verilir.
Telefon söhbəti zamanı dövlət başçıları koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən işlərdən danışıb, Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün istiqamətlərdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.*
Ə.Məmmədov