Azərbaycan və Avropa İttifaqı arasında yeni tərəfdaşlıq sazişi Roma və Bakı arasında əməkdaşlığı möhkəmləndirəcək. İtaliya Respublikasının prezidenti Sercio Mattarella belə hesab edir.
“Ürəkdən arzulayıram ki, Azərbaycan və Avropa İttifaqı arasında tezliklə yeni tərəfdaşlıq sazişi imzalansın, bu da bizim əlaqələrimizin möhkəmlənməsi üçün vacib bir amildir”, - deyə Sercio Mattarellanın Respublika Günü münasibətilə prezident İlham Əliyevə ünvanladığı təbrikdə qeyd olunur.
O, səhiyyə sahəsində yaranmış fövqəladə vəziyyət zamanı Azərbaycanın İtaliyaya nümayiş etdirdiyi yaxınlığa və göstərdiyi dəstəyə görə də dərin minnətdarlığını bildirib.
İtaliya prezidenti Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq arzulayıb.
Aİ Xarici İşlər Nazirləri Şurası 14 noyabr 2016-cı il tarixində Azərbaycanla saziş üzrə danışıqların aparılması üçün Avropa Komissiyası və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə mandat verib.
Yeni sazişlə bağlı danışıqlara 2017-ci il fevralın 7-də başlanılıb.*
Ə.Məmmədov