2020-ci ilin yanvar-aprel aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 66,587 milyon ton yük daşınıb ki, bu da 2019-cu ilin yanvar-aprel aylarının göstəricisindən 4,1% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yük daşımalarının strukturunda 78,1% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 21,9% dövlət sektorunun payına düşüb. Bununla yanaşı, cari ilin yanvar-aprel aylarında qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yük daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,3% azalıb.
Hesabat dövründə dəmir yolu ilə 4,809 milyon ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 3,1% çoxdur.
Dəniz nəqliyyatı ilə 2,035 milyon ton (azalma 5,2%), avtomobil nəqliyyatı ilə 38,763 milyon ton (azalma 8,7%), hava nəqliyyatı ilə 105,1 min ton (artım 56,5%) müxtəlif yük daşınıb.
Yanvar-aprel aylarında daxili neft kəmərləri vasitəsilə 12 milyon 826 min ton neft (azalma 1%) nəql olunub. Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.*
B.Rüstəmbəyov