Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli danışıqların predmetidir. Bunu prezident İlham Əliyev deyib.
“Bu gün müzakirə edilən və danışıqlar masasında olan məhz mərhələli həldir. Baxmayaraq ki, Ermənistanın rəhbərliyi öz rəsmi populist çıxışlarında bunu inkar etməyə çalışır, ancaq mahiyyət etibarilə danışıqlar çərçivəsində həmin bu mərhələli həll məsələsi müzakirə edilir. Burada da riyakarlıq edir, öz xalqını aldadır, vasitəçiləri aldatmaq istəyir. Mərhələli həldən başqa heç bir həll mümkün deyil, o da nə deməkdir? Birinci mərhələdə torpaqların bir hissəsi işğaldan azad olunur. Bundan başqa variant ola bilməz”, - deyə dövlət başçısı Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında bildirib.
Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalıdır.
“Bizim məqsədimiz, əsas amalımız suverenliyimizi tam və birdəfəlik təmin etməkdir və biz bunu edəcəyik. Heç kimdə şübhə olmasın. Sadəcə, daha güclü olmalıyıq, məsələnin həlli üçün vaxtı və geosiyasi vəziyyəti düzgün qiymətləndirməliyik. Mənim fikrim budur və bilirəm ki, Azərbaycan xalqı mənim mövqeyimi dəstəkləyir. Mən bunu dəfələrlə bildirmişəm və bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ məsələsi ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi”, - deyə İ.Əliyev vurğulayıb.
Prezident əlavə edib ki, heç bir beynəlxalq təşkilat Dağlıq Qarabağda keçirilmiş qondarma “prezident seçkiləri”ni tanımadı. “O saxta prezidenti, dırnaqarası prezidenti heç kim tanımadı. Dünyanın aparıcı ölkələri açıq formada bəyanat verdilər. ATƏT-in Minsk qrupunun həmsədrləri - Amerika, Fransa, Rusiya, ondan sonra Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər təşkilatlar bəyanat verdilər ki, bu seçkilər tanınmır, Dağlıq Qarabağ Azərbaycan torpağıdır”, - deyə İ.Əliyev vurğulayıb.*