Hazırda Azərbaycanda koronavirusa yoluxmuş 73 nəfərin vəziyyəti ağırdır, onlardan 21 nəfər süni ağciyər ventilyasiya aparatına qoşulub. Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
“Bu gün rekord sayda – 230 yoluxma faktı qeydə alınıb. Hazırda 22 müalicə müəssisəsində 1806 nəfərin müalicəsi davam etdirilir. 73 nəfərin vəziyyəti ağırdır və onlardan 21 nəfər süni ağciyər ventilyasiya aparatına qoşulub”, - deyə o, bu gün brifinqdə bildirib.
R.Bayramlının sözlərinə görə, göstəricilərin təhlili may ayı ərzində yoluxanların sayının hər həftə artdığını gözləyir. «Mayın 4-10-da 587, mayın 11-17-də 725, mayın 18-24-də 848, mayın 25-29-da 867 yoluxma faktı qeydə alınıb”, - deyə sədr qeyd edib.
R.Bayramlı əlavə edib ki, yoluxanların sayının artmasına baxmayaraq, ölənlərin sayında kəskin artım qeydə alınmayıb. İndiyədək ölkədə 58 nəfər (25-29 mayda 9 nəfər) koronavirusdan dünyasını dəyişib.
O deyib ki, bu günədək Azərbaycanda 4989 nəfər koronavirusa yoluxub, onların 47%-i Bakı sakinidir.*
A.Əzizov