Azərbaycan hökuməti koronavirus pandemiyası şəraitində vətəndaşların təxliyəsi üçün Böyük Britaniya və ABŞ-dan çarter reysləri təşkil etməyi planlaşdırır. Bu barədə Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov məlumat verib.
"Mayın 27-də Moskvadan çarter reysi ilə Bakıya 175 nəfər gətirilib. Bundan başqa, 17 vətəndaşımız Hindistandan təyyarə ilə Gürcüstana, oradan isə avtobusla Azərbaycana gətirilib. Mayın 30-da London-Bakı reysi ilə 40-50 nəfərin gəlməsi gözlənilir. İyunun ilk həftəsində isə ABŞ-dan çarter reysinin həyata keçirilməsi planlaşdırılır", - deyə Məmmədov bu gün brifinqdə bildirib.
Onun sözlərinə görə, hava sərhədlərinin açılması yalnız Azərbaycan hökumətinin deyil, digər ölkələrin də qərarından asılıdır. Ölkədə epidemioloji vəziyyət nəzərə alınmaqla, Azərbaycan ərazisinə giriş-çıxışa tətbiq olunan məhdudiyyət iyunun 15-dək uzadılıb.
Bu gün Azərbaycanda xüsusi karantin rejimi iyunun 15-dək uzadılıb.*
X.Nəsirzadə