Azərbaycan 2020-ci ilin birinci rübündə Türkiyəyə "Şahdəniz" yatağından hasil edilmiş 2 milyard 729,24 milyon kubmetr qaz ixrac edib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 20,5% çoxdur. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun məlumatında deyilir.
Mart ayında Türkiyəyə 924,28 milyon kubmetr Azərbaycan qazı ixrac olunub, bu da qaz ixracının ümumi həcminin 23,45%-ni təşkil edib (2019-cu ilin mart ayı ilə müqayisədə artım 19,63%).
Mart ayında Türkiyəyə 3 milyard 940,99 milyon kubmetr (2019-cu ilin mart ayı ilə müqayisədə artım 8,27%) qaz ixrac edilib. 1 milyard 871,78 milyon kubmetr boru kəməri qazının (ixracın 47,5%-i), 2 milyard 69,21 milyon kubmetr (52,5%) isə LNG-nin payına düşüb. Hesabat dövründə Azərbaycanla yanaşı, İran və Rusiyadan da boru kəməri ilə qaz nəqli həyata keçirilib.
2019-cu ildə Azərbaycan Türkiyəyə "Şahdəniz" yatağından hasil edilmiş 9 milyard 584,78 milyon kubmetr qaz (artım 27,3%) ixrac edib.
Azərbaycan qazı Türkiyəyə yalnız “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” və “Mərhələ-2” çərçivəsində ixrac edilir.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), "LUKOIL” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.**
N.Abbasova