Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində çoxmənzilli yaşayış kompleksinin xarici su təchizatı xətlərinin çəkilməsinə 1,9 milyon manata yaxın vəsait yönəldəcək.
www.tender.gov.az saytının məlumatına görə, MİDA bu xidmətlərin podratçısı qismində “Tikinti Təmir İdarəsi №19” MMC-ni cəlb edib. Şirkət ilə 1 milyon 859,456 min manat məbləğində müqavilə imzalanıb.
Xəbər verildiyi kimi, Hövsan qəsəbəsində 20 hektarlıq torpaq sahəsində ikinci Yaşayış Kompleksi inşa olunub. Şəhərcik çoxmənzilli 11 yaşayış binasından ibarətdir. Bunlardan yeddisinin yeddimərtəbəli on səkkiz girişli, dördünün isə onmərtəbəli bir girişlidir.
Bu binalarda, ümumilikdə, 3002 mənzil var ki, onlardan 280-nin birotaqlı, 1481-nin ikiotaqlı, 940-nın üçotaqlı, 301-nin isə dördotaqlıdır.
Birotaqlı mənzillərin sahəsi təqribən 32-35 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi təqribən 51-54 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 64-68 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə 79-86 kvadratmetr təşkil edir. Bütün mənzillər tam təmirli vəziyyətdə və mətbəx mebeli ilə təchiz olunmuş şəkildə vətəndaşlara təklif olunur.
Kompleksdə çoxmənzilli binalarla yanaşı, insanların rahat yaşayışı üçün zəruri olan hər cür şəraitin yaradılması, geniş həyətlərin, yaşıllıq zonalarının, uşaq meydançalarının, sosial infrastruktur obyektlərinin tikintisi aparılıb. Ərazidə hər biri 260 yerlik olmaqla iki uşaq bağçasının, 1920 şagird yerlik ümumtəhsil məktəbinin, ticarət mərkəzinin və xəstəxananın istifadəyə verilib.
Hövsan Yaşayış Kompleksi 2017-ci ilin fevral ayında “MİDA” MMC-yə ayrılmış Hövsan qəsəbəsinin qərb hissəsində yerləşən 20 hektarlıq torpaq sahəsində inşa olunub. Ayrılmış torpaq sahəsi Zığ-Aeroport avtomagistralı ilə Hövsan qəsəbəsi arasında yerləşir.**
Ə.Məmmədov