Milli Məclis bazar günü keçirilən plenar iclasda Türkiyə ilə “Preferensial ticarət haqqında” sazişi təsdiq edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri məlumat verir.
“Preferensial ticarət haqqında” saziş fevralın 25-də Bakıda Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasının yekunlarına dair imzalanıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıqkomitəsinin sədri Tahir Mirkişilinin bazar günü qeyd etdiyi kimi, Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir.
“2019-cu il ərzində Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 33% artaraq $4,5 milyarda çatıb. O cümlədən, Türkiyə Azərbaycanın ixracında mühüm yer tutur. Ötən il ixrac 36% - $2,9 milyardadək artıb. Azərbaycanın Türkiyəyə sərmayələri artıq $18 milyardı ötüb, Türkiyənin Azərbaycana sərmayələri isə $12 milyard təşkil edir”, - Mirkişili qeyd edib.
Preferensianal ticarət anlaşması Türkiyə ilə Azərbaycan arasında malların qarşılıqlı tədarükünə gömrük rüsumunun sıfır dərəcəsinin tətbiqini nəzərdə tutur. O cümlədən, 2017-ci ilin oktyabr ayında Türkiyə Azərbaycanın Naxçıvan Muxtar Respublikasından tədarük olunan malları rüsumdan azad edib. Siyahıya ümumilikdə 43 adda mallar daxil edilib (13-ü kənd təsərrüfatı malları, 30-u sənaye malları). **
Ə.Məmmədov