30 aprel 2020-ci il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 31 milyard 272,8 milyon manat təşkil edir. Bu barədə Mərkəzi Bankın məlumatında deyilir.
Xəbər verildiyi kimi, 1 yanvar 2020-ci il tarixinə bankların aktivləri 32 milyard 722,8 milyon manat məbləğində olub. Beləliklə, yanvar-aprel aylarında bankların aktivləri 4,4% azalıb.
Hesabat dövrünün sonuna bankların kredit portfeli 14 milyard 742,2 milyon manat (azalma 1,1%) təşkil edir.
2020-ci il aprel ayının 30-na Azərbaycanda bankların ümumi kapitallaşması 4 milyard 561,4 milyon manat (azalma 0,5%) təşkil edir.
Aprelin sonuna bankların öhdəlikləri 26 milyard 711,4 milyon manata (azalma 5,1%) bərabərdir. Eyni zamanda, bankların Mərkəzi Bank qarşısında öhdəlikləri 438,3 milyon manat məbləğində (artım 34,4%) qiymətləndirilir.
Aprelin sonuna banklarda depozit portfeli 19 milyard 940 milyon manat (azalma 6,1%), əhalinin əmanətləri 7 milyard 657,5 milyon manat (azalma 10%) təşkil edir.
Tənzimləyicinin məlumatına görə, yanvar-aprel aylarında Azərbaycanda bankların ümumi xalis mənfəəti 156,1 milyon manat təşkil edib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 2,2 dəfə azdır.
Yanvar-aprel aylarında bankların faiz gəlirləri 653,9 milyon manat (2019-cu ilin yanvar-aprel ayları ilə müqayisədə artım 1,5% - İF), o cümlədən verilmiş kreditlər üzrə 520,1 milyon manat (artım 13,8%) təşkil edib.
Hesabat dövründə bankların qeyri-faiz gəlirləri 222 milyon manat (azalma 42%) məbləğində olub.
Hesabat dövründə bankların faiz xərcləri 170,2 milyon manat (azalma 9,3%), o cümlədən depozitlər üzrə 111,4 milyon manat (azalma 11,1%), qeyri-faiz xərcləri 400,3 milyon manat (artım 16,2%) təşkil edib.
Yanvar-aprel aylarının yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 281,6 milyon manat (azalma 2,4%) təşkil edib. Hesabat dövründə banklar ehtiyatların yaradılmasına 74,4 milyon manat (artım 13,9%) yönəldib.
Nəticədə 2020-ci ilin yanvar-aprel aylarında bankların vergi ödənilənədək ümumi mənfəəti 207,2 milyon manat (2019-cu ilin yanvar-aprel aylarının göstəricisi ilə müqayisədə azalma 44,8%) məbləğində qiymətləndirilir, hesabat dövründə mənfəət vergisi üzrə ödənişlər 51,1 milyon manat (artım 85,8%) təşkil edib.
30 aprel 2020-ci il tarixinə respublikada 28 bank fəaliyyət göstərir. Bu bankların 13-ü xarici kapitallıdır.
Martın sonuna bankların 467 filialı (2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə azalma 8,3%) və 117 şöbəsi (azalma 12%) var.
Azərbaycanın bank sektorunda 19,162 min nəfər (2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə azalma 1,5% - İF) çalışır.*
A.Əzizov