Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2020-ci ilin may ayında valyuta hərraclarında $334 milyon məbləğində xarici valyuta satıb. Bu barədə fondun məlumatında deyilir.
ARDNF bu ilin aprel ayında valyuta hərraclarında $531,1 milyon məbləğində xarici valyuta satıb. Beləliklə, may ayında xarici valyuta satışının həcmi aprel ayı ilə müqayisədə 37,1% azalıb.
“İnterfaks-Azərbaycan” agentliyinin fondun aylıq məlumatları əsasında apardığı hesablamalara görə, cari ilin yanvar-may aylarında ARDNF valyuta hərraclarında $3 milyard 637 milyon (ötən ilin müvafiq dövrü ilə müqayisədə artım 56,2% - İF) satıb.
Mart ayında neftin kəskin ucuzlaşması fonunda Azərbaycanda xarici valyutaya tələb artsa da, martın 29-dan etibarən tədricən azalmağa başlayıb.
Hazırda ARDNF valyuta hərraclarında valyuta satışının əsas mənbəyi kimi çıxış edir.
ARDNF-dən bildiriblər ki, fond cari ildə valyuta hərraclarında $6,8 milyard məbləğində xarici valyuta satmağı planlaşdırır.
Xəbər verildiyi kimi, fond 2019-cu ildə valyuta hərraclarında $6 milyard 593,86 milyon məbləğində xarici valyuta satıb (2018-ci illə müqayisədə artım 2,1% - İF).*
Ə.Məmmədov