2020-ci ilin yanvar-aprel aylarında əhalinin bank əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 10,2% - 7 milyard 758 milyon manatadək azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Əmanətlərin azalması həm də “AtaBank” və “Amrahbank”ın bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyalarının ləğv edilməsi ilə əlaqədardır.
Hesabat dövründə əhalinin xarici valyutada əmanətləri 5,1% - 4 milyard 277 milyon manatadək və ya bütün əmanətlərin 55,1%-i səviyyəsində azalıb (2019-cu ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 52,2% təşkil edib).
Yanvar-aprel aylarında əhalinin milli valyutada əmanətlərinin həcmi 15,8% - 3 milyard 481 milyon manatadək (bütün əmanətlərin 44,9%-i) azalıb.
30 aprel 2020-ci il tarixinə rezidentlərin bank əmanətlərinin həcmi 7 milyard 386,4 milyon manat, qeyri-rezidentlərin – 371,6 milyon manat təşkil edir. İlin əvvəlindən rezidentlərin əmanətlərinin həcmi 10%, qeyri-rezidentlərin əmanətlərinin həcmi isə 14,4% azalıb.
Mayın 1-nə banklarda əmanət və depozitlərin həcmi 23 milyard 380,8 milyon manat təşkil edir ki, bu da 2019-cu ilin sonuna olan göstəricidən 5,5% azdır.*
Ə.Məmmədov