2020-ci ilin əvvəlindən Azərbaycan banklarının kredit portfeli 2,8% artıb. Bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
“Ölkənin bank sektorunda vəziyyət qənaətbəxşdir. Cari ilin əvvəlindən bankların kredit portfeli 2,8%, xüsusilə may ayında – 0,8% artıb. Əsas artım biznes kreditlər hesabına əldə olunub, hesabat dövründə onların portfeli 4,9% artıb”, - Rüstəmov bu gün mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu dövrdə ipoteka kreditləri 9,5% artıb, istehlak kreditləri isə əksinə, azalıb.
AMB-nin sədri qeyd edib ki, cari ilin əvvəlindən banklar real sektora 2,6 milyard manat məbləğində yeni kreditlər verib.
“Bütövlükdə, bank sektoru kifayət dərəcədə likvidliyə malikdir. Bu günə bankların likvid vəsaiti 9 milyard manatı ötür, bu da bank sektorunun aktivlərinin 29%-ni təşkil edir. Həmçinin, banklar öhdəliklərini vaxtında yerinə yetirirlər. İlin əvvəlindən əhalinin əmanətləri 3,7% azalıb, bu da bazarda dalğalanma ilə izah olunur. Lakin artıq may ayında biz 53 milyon manat və ya 0,3% artım müşahidə edirik”, - Rüstəmov bildirib.
O əlavə edib ki, bu günə sektorun kapital adekvatlığı təqribən 23% təşkil edir, bu da normativ tələblərdən 2,3 dəfə çoxdur. Sektorun kapital buferi 2,2 milyard manat təşkil edir. **
Ə.Məmmədov