Azərbaycanın gömrük orqanları İrandan 281 kq-dan çox heroin qaçaqmalçılığının qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında deyilir.
“Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə İran İslam Respublikasından Avstriya Respublikasına "kişmiş" yükü daşıyan iki ədəd "Daf" markalı 34AA941/34AA942 və 91D657-10/91D658-10 qeydiyyat nişanlı yük avtomobillərində külli miqdarda narkotik vasitələrin gizlədilərək aparılacağı barədə əməliyyat məlumatı daxil olub. Daxil olmuş məlumat əsasında Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda ölkəmizdən tranzit keçməklə Avstriya Respublikasına "kişmiş" yükü aparan İran İslam Respublikası vətəndaşları Mırzaeısaatlou Akbar Parvızın və Abdelıkhanghah Ramın Mashatlının idarə etdikləri yük avtomobilləri saxlanılaraq gömrük nəzarətinə cəlb olunublar”, - deyə məlumatda bildirilir.
Kinoloji xidmət itləri xüsusi işarə və hərəkətlərlə yük avtomobillərinə reaksiya verdiyindən Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin əməkdaşları tərəfindən avtomobillər rentgen qurğusunda yoxlanılıb. Mırzaeısaatlou Akbar Parvızin idarə etdiyi yük avtomobilinin yanacaq çənindəki gizli saxlanc yerindən tərkibindəki heroin narkotik vasitəsinin çəkisi 143 kiloqram 990 qram olan 374 litr, Abdelıkhanghah Ramın Mashatlının idarə etdiyi yük avtomobilindən isə tərkibindəki heroin narkotik vasitəsinin çəkisi 137 kiloqram 445 qram olan 357 litr məhlul aşkar olunub. Ümumilikdə, hər iki yük nəqliyyat vasitəsindən külli miqdarda, 281kiloqram 435 qram narkotik vasitə-heroin aşkar edilib.
Nəqliyyat vasitələrinin sürücüləri cinayət hadisələrini törətmələrinə əsaslı şübhələr olduğundan şübhəli şəxs qismində tutulub və Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara ittiham elan edilib.*
N.Abbasova