Azərbaycan Mərkəzi Bankı (AMB) ləğv prosesində olan 4 bankın sığortalanmış əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün Əmanətlərin Sığortalanması Fonduna (ADIF) 480 milyon manat məbləğində kredit ayıracaq. Bunu AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
Xəbər verildiyi kimi, aprel-may aylarında AMB kapitalın, ödəmə qabiliyyətinin aşağı olması kimi problemlər səbəbindən 4 bankın – “AtaBank”, “Amrahbank”, “AGBank” və “NBCBank”ın lisenziyalarının ləğv edilməsi barədə qərar qəbul edib. Bu banklar müflis elan edilib və onların ləğv edilməsi prosesi başlayıb. Bankların ləğvedicisi ADIF-dir.
"Bu banklarda qorunan əmanətlərin ümumi məbləği 680 milyon manatdır. ADİF-in kompensasiyaların ödənilməsinə yönəldiləcək likvid vəsaitləri 200 milyon manat həcmində qiymətləndirilir. Qalan 480 milyon manat isə tərəfimizdən dövlət zəmanəti ilə kredit şəklində ayrılacaq", - deyə Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında "İnterfaks-Azərbaycan"agentliyinin müxbirinin sualına cavab olaraq bildirib.
Onun sözlərinə görə, hazırda AMB, ADIF və Maliyyə Nazirliyi arasında danışıqlar aparılır və yaxın vaxtlarda kredit ayrılacaq.
"Bununla yanaşı, vəsaitin bir hissəsi - 200 milyon manat ekvivalentində məbləğ xarici valyuta ilə ayrılacaq. Bu, AMB-nin valyuta ehtiyatlarının müəyyən qədər azalmasına gətirib çıxaracaq", - deyə Rüstəmov əlavə edib.*
Ə.Məmmədov