Azərbaycanda iki bankın kapitalı minimum tələblərə cavab vermir. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov məlumat verib.
"Bu bankların adlarını aşıqlamaq istəmirəm. Onların kapitalın adekvatlığı ilə bağlı problemləri yoxdur, lakin məcmu kapitalları minimum tələblərdən (50 milyon manat – İF) bir qədər azdır", - deyə Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
O əlavə edib ki, 2 sığorta şirkətinin də kapitalla bağlı problemləri var. "Biz ləğv edilmiş banklarla əlaqəli sığorta şirkətlərində yoxlama aparmışıq. “AtaSığorta”da problem yoxdur, amma “Amrah Sığorta” və "Rəvan Sığorta” şirkətlərinin kapitalı tələblərdən aşağıdır. Onlara kapitalın artırılması üçün bir ay vaxt verilib", - deyə sədr qeyd edib.
Xəbər verildiyi kimi, AMB aprel-may aylarında mənfi kapitala malik “AtaBank”, “Amrahbank”, “AGBank” və “NBCBank”ın lisenziyalarını ləğv edib. Bundan başqa, kapital və ödəmə qabiliyyəti ilə bağlı problemlər səbəbindən AMB may ayında “Standard Insurance” sığorta şirkətinin lisenziyasını ləğv edib.
Hazırda Azərbycanda 26 bank və 21 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malikdir.*
Ə.Məmmədov