Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) iyunun 30-da Hövsan Yaşayış Kompleksinin 1 saylı binası üzrə 249 mənzilin satışına başlayacaq. Bu barədə MİDA-nın məlumatında deyilir.
“Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Zığ şossesi-Hava Limanı 12-ci km. “22” ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin 1 saylı binası üzrə 249 mənzilin (39-u birotaqlı, 142-si ikiotaqlı, 68-i üçotaqlı) satışı 30 iyun 2020-ci il tarixində saat 11:00-da başlayacaq və 7 iyul 2020-ci il tarixi saat 11:00-dək davam edəcək”, - deyə məlumatda bildirilir.
1 otaqlı mənzillərin qiyməti 32,130 min manatdan, 2 otaqlı mənzillərin qiyməti 42,415 min manatdan, 3 otaqlı mənzillərin qiyməti 57,120 min manatdan başlayır. Mənzillərin satış qiymətinə ƏDV daxildir. Mənzillərin satışı həmİpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaitindən istifadə etməklə, həm dəöz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub.
Mənzilə öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək sahib olmaq istəyən vətəndaş üçün mənzillərin satışı aşağıdakı qiymətlərdən başlayır:
1 otaqlı mənzillərin qiyməti – 28,917 min manatdan,
2 otaqlı mənzillərin qiyməti – 38,174 min manatdan,
3 otaqlı mənzillərin qiyməti – 51,408 min manatdan.
Mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10% endirim əldə edəcək. İpoteka krediti illik 4% dərəcəsi ilə 3 ildən 30 il müddətinədək verilir.
Vətəndaş mənzili İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda, 1 otaqlı mənzillərin aylıq ödənişi 138-143 manat, 2 otaqlı mənzillərin - 182-230 manat, 3 otaqlı mənzillərin - 245-268 manat təşkil edəcək.
Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdirlər. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdirlər. Həmin şəxslər elektron kabinetlərində “Satış/Mənzillər” bölməsinə daxil olaraq “erkən gələnə erkən xidmət” prinsipi (satış başladığı anda sistemə daxil olaraq mənzili ilk seçən şəxslər onu almaq imkanı əldə edirlər) əsasında mənzilləri seçə biləcəklər.
Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.
Hövsan qəsəbəsində ikinci yaşayış kompleksi 20 hektarlıq ərazidə inşa edilib. Şəhərcik çoxmənzilli 11 yaşayış binasından (7-si 7 mərtəbəli və 18 bloklu, 4-ü 10 mərtəbəli və 1 bloklu) ibarətdir.
Bu binalardakı 3,002 min mənzildən 280-ni birotaqlı, 1481-i ikiotaqlı, 940-ı üçotaqlı, 301-i isə dördotaqlıdır. Birotaqlı mənzillərin sahəsi 32-35 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi 51-54 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 64-68 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə 79-86 kvadratmetr təşkil edir. Bütün mənzillər tam təmirli vəziyyətdədir və mətbəx mebeli ilə təchiz olunub.
Kompleksdə 260 yerlik iki uşaq bağçası, 1920 şagird yerlik ümumtəhsil məktəbi, ticarət mərkəzi və xəstəxana tikilib.*
N.Abbasova