Dağıstanda olan 764 Azərbaycan vətəndaşından 375 nəfər artıq Azərbaycana qayıdıb. Bu barədə Dağıstan Respublikası hökumətinin sədr müavini Ramazan Cəfərov məlumat verib.
Dağıstan hökumətinin məlumatına görə, Dağıstan rəhbəri Vladimir Vasilyev bu gün videokonfrans formatında Təhlükəsizlik Şurasının növbədənkənar iclasını keçirib.
"İclasda Azərbaycan vətəndaşlarının müvəqqəti yerləşdirilməsi və onların Rusiya Federasiyasının dövlət sərhədindən buraxılması ilə bağlı görülən tədbirlər nəzərdən keçirilib. Bundan başqa, yeni koronavirus infeksiyasının respublika ərazisində yayılmasının qarşısının alınması üzrə yüksək hazırlıq rejimi dövründə Rusiya vətəndaşlarının Azərbaycan Respublikasından qayıtmasının təşkili məsələsi də müzakirə olunub", - deyə məlumatda bildirilir.
Baş nazirin müavini Cəfərov vurğulayıb ki, yaranmış mürəkkəb epidemioloji vəziyyətlə əlaqədar aprelin 5-də Azərbaycan tərəfi sərhədi bağladığı üçün Dağıstan ərazisində çoxlu sayda Azərbaycan vətəndaşı yığılıb.
Cəfərovun sözlərinə görə, bu gün 764 Azərbaycan vətəndaşından 375 nəfər sərhəddən buraxılıb. "Vətəndaşlarımızla bağlı məsələdə problem yoxdur, səfirliyimizlə sıx təmasda oluruq. Vətəndaşların 15 gündən bir sərhəddən buraxılması ilə bağlı əldə olunmuş razılığa əsasən səfirlik vətənə qayıtmaq istəyən Rusiya vətəndaşlarının siyahısını hazırlayır və biz də onları buraxırıq. Sabah biz Azərbaycandan 400-ə yaxın Rusiya vətəndaşını qəbul etməyə hazırıq”, - deyə o əlavə edib.
Vasilyev, öz növbəsində, Azərbaycan tərəfinin açdığı saytı da xatırladıb. Rusiyada olan və vətənə qayıtmaq istəyən Azərbaycan vətəndaşları bu saytda qeydiyyatdan keçə bilərlər. Bu, onların sərhəddən əlavə çətinlik olmadan keçmələrinə imkan verəcək.*
A.Əzizov