İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 2020-2021-ci illər üzrə investisiya xidmətlərini satın alır. Bu barədə “İnterfaks-Azərbaycan”a Fonddan məlumat verilir.
Seçim açıq tender üsulu ilə həyata keçirilir.
Tender iki lot üzrə aparılır:
Lot 1 – Qiymətli kağızlar ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi; Lot 2 – Qiymətli kağızların öhdəlik götürmədən yerləşdirilməsi və anderraytinqi.
Birinci lot üzrə tenderdə iştirak üçün dövlət rüsumu 100 manat, ikinci lot üzrə - 150 manatdır.
Birinci lot üzrə təkliflər 2020-ci il iyulun 6-dək, ikinxi lot üzrə - 2020-ci il iyulun 3-dək qəbul olunur. Tender proseduru iyulun 7-də baş tutacaq.
Qalib müqavilə imzalandığı gündən bir il müddətində qeyd olunan xidmətləri göstərməlidir.
Azərbaycan prezidenti İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir. **
Ə.Məmmədov