“SOCAR Midstream Operations” MMC Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) texniki operatoru oldu. Bu barədə “BP-Azerbaijan” şirkətinin məlumatında deyilir.
“Martın 20-də Cənubi Qafqaz Boru Kəmərinin texniki operatorluğu “BP Exploration (Shah Deniz) Limited” şirkətindən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Midstream Operations” MMC-yə keçib”, - deyə məlumatda bildirilir.
Texniki operatorluğun ötürülməsi CQBK-yə aid bütün obyektlərin əməliyyatlarını əhatə edir. Həm Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinə, həm də CQBK-yə aid olan ümumi obyektlərin operatorluğunu isə BP şirkəti ümumi operator qismində davam etdirəcək.
“Səngəçal terminalının, BTC-nin və Bakı-Supsa neft kəmərinin operatorluğunda heç bir dəyişiklik yoxdur, bu obyektlərin operatorluğunu BP şirkəti icra etməkdə davam edəcək”, - deyə məlumatda qeyd olunur.*
N.Abbasova