“Bank Respublika” 2019-cu ildə beynəlxalq maliyyə hesabatları standartları (BMHS) üzrə aktivlərini 39,8% - 1 milyard 336,124 milyon manatadək artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Bankın audit olunmuş maliyyə hesabatına görə, aktivlərin strukturunda nağd vəsaitlər daha çox xüsusi çəkiyə malikdir. 2019-cu il dekabrın 31-nə onların həcmi 726,569 milyon manat (2018-ci ilin dekabr ayı ilə müqayisədə artım 64,5% - İF) təşkil edir.
Hesabat dövrünün sonuna bankın kredit portfeli 484,894 milyon manata (artım 40,2%) bərabərdir.
2020-ci ilin əvvəlinə “Bank Respublika”nın öhdəlikləri 1 milyard 263,997 milyon manat (artım 39%), depozitlər 1 milyard 108,996 milyon manat (artım 53,4%) təşkil edir.
Hesabat dövrünün sonuna bankın kapitalı 72,127 milyon manata (artım 55,5%), nizamnamə kapitalı 73,461 milyon manata (dəyişməyib) bərabərdir.
2019-cu ilin yekunları üzrə bankın xalis mənfəəti 22,539 milyon manat (2018-ci illə müqayisədə artım 2,8 dəfə - İF) təşkil edib.
“Bank Respublika” 1992-ci il fevral ayının 17-də yaradılıb və Azərbaycanın aparıcı banklarının beşliyinə daxildir. Bankın səhmdarları sırasına Almaniyanın ən iri maliyyə institutları - KfW bank qrupunun üzvü DEG İnvestisiya Korporasiyası və “Sparkassen-Finanzgruppe” maliyyə qrupunun üzvü SIDT də daxildir. Bankın əsas səhmdarı sahibkar Natiq Quliyevdir (51,15%).** Ə.Məmmədov