Azərbaycan hökuməti dövlət tərəfindən turizm sahəsinə maliyyə yardımının göstərilməsi çərçivəsində aprel-may aylarında otel və turizm agentliklərinin əməkdaşlarına əməkhaqqının ödənilməsi üçün 7,2 milyon manat ayırıb. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə Dövlət Turizm Agentliyindən (DTA) məlumat verilib.
"Cari ilin may ayının ortalarına olan vəziyyətə görə, turizm agentliklərinin və otellərin 13,215 min əməkdaşının əməkhaqqının ödənilməsi üçün turizm sektoruna 7,2 milyon manat məbləğində yardım göstərilib", - deyə məlumatda bildirilir.
Bundan başqa, sözügedən sahədə çalışan 566 mikrosahibkara dövlət dəstəyi çərçivəsində ümumilikdə 537 min manat yardım göstərilib.
Məlumata görə, bu il Azərbaycanda iqtisadi fəallığın qorunması və postpandemiya dövründə bərpanın dəstəklənməsi üçün kiçik və orta biznes torpaq və əmlak vergisindən azad ediləcək.
"Bu addım turizm sahəsində 24 minə yaxın sahibkarlıq subyektini əhatə edəcək. Kiçik və orta biznes də 2020-ci ildə mənfəət və sadələşdirilmiş vergi üzrə güzəştlər əldə edəcək", - deyə məlumatda qeyd olunur.
Agentlikdən əlavə ediblər ki, hökumət tərəfindən kreditləşmə üzrə güzəştlər nəzərdə tutulub.*
X.Nəsirzadə