OPEC+ ölkələrinin nazirləri şənbə günü keçirilən iclasın yekunları üzrə gündəlik neft hasilatının 9,7 milyon barrel azaldılmasına dair cari kvotanın iyulun sonunadək uzadılmasına dair razılığa gəliblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri, energetika nazirinin müşaviri Zəminə Əliyeva məlumat verib.
“OPEC və qeyri-OPEC ölkələri gündəlik neft hasilatının 9,7 milyon barrel azaldılmasına dair cari kvotanın daha bir ay, yəni iyulun sonunadək uzadılmasına dair razılığa gəliblər. OPEC+ sazişi üzrə may-iyun ayları ərzində öhdəliklərini yerinə yetirməyən ölkələr iyul, avqust və sentyabr aylarının göstəriciləri hesabına hasilatı kompensasiya etməyə razılaşdılar”, - Əliyeva bildirib.
Onun sözlərinə görə, iyulda OPEC ölkələri tərəfindən gündəlik neft hasilatı 6,084 milyon barrel, qeyri-OPEC ölkələri tərəfindən – 3,616 milyon barrel azaldılacaq. Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və Oman kvotadan əlavə hasilatı iyunda gündəlik 1,2 milyon barrel azaldacaqlar. **
N.Abbasova