Azərbaycan OPEC+ sazişi çərçivəsində neft hasilatının azaldılması üzrə cari kvotaların iyul ayının sonunadək uzadılması barədə qərarı dəstəkləyir. Bunu energetika naziri Pərviz Şahbazov deyib.
“Neft bazarında böhran və tələb-təklif arasındakı disbalansa görə mövcud istehsal məhdudiyyətlərinin uzadılması ilə bağlı qərara Azərbaycan öz dəstəyini ifadə edib. Neftə tələbatı artıran iqtisadi aktivlik və bazarda balans bərpa olunana qədər hasilatın tənzimlənməsinə həssas və çevik yanaşma davam etməlidir”, - nazirlik Şahbazovun sözlərindən sitat gətirir.
Həmçinin, nazir məlumat verib ki, “OPEC+” formatı çərçivəsində neft bazarının sabitləşdirilməsi məqsədli bütün təşəbbüsləri dəstəkləyən Azərbaycan may ayında öhdəliklərinin yüksək səviyyədə icrasına nail olub.”
Nazirliyin məlumatına görə, müzakirələr zamanı iclasın sədri Səudiyyə Ərəbistanın energetika naziri şahzadə Əbdül Əziz bin Salman Azərbaycanın neft bazarının tənzimlənməsindəki rolunu yüksək qiymətləndirib.
Xəbər verildiyi kimi, OPEC və qeyri-OPEC ölkələri 2020-ci il aprelin 12-də keçirilmiş videokonfransda gündəlik neft hasilatının 2020-ci il mayın 1-dən 2022-ci ilin aprel ayınadək kollektiv şəkildə 3 mərhələdə azaldılmasına dair sazişi təsdiq ediblər. Birinci mərhələdə (2020-ci ilin may-iyun ayları) hasilat 9,7 milyon barel azaldılacaq.
Saziş çərçivəsində Azərbaycan neft hasilatının (kondensat nəzərə alınmadan) 2018-ci ilin oktyabr ayının göstəricisindən (718 min barel) azaldılması ilə bağlı öhdəlik götürüb. Bunu nəzərə alaraq cari ilin may-iyun aylarında Azərbaycan hasilatı bu rəqəmin 23%-i səviyyəsində, yəni 164 min barel - 554 min barelədək, 2020-ci ilin iyul-dekabr aylarında 18% və ya 131 min barel - 587 min barelədək, 2021-ci ilin yanvar ayından 2022-ci ilin aprel ayınadək 14% və ya 98 min barel - 620 min barelədək azaltmalıdır.
Azərbaycanda neft hasilatının azaldılması prosesinə SOCAR, “Azəri-Çıraq-Günəşli” blokunun işlənməsi ilə məşğul olan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti, həmçinin quruda yerləşən yataqlardan neft hasil edən birgə müəssisələr və əməliyyat şirkətləri cəlb olunub.**
N.Abbasova