6-7 iyun tarixlərində tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsində nəqliyyat vasitələri ilə hərəkətdə olan 2776 nəfər aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
“Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazilərində tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 06.06.2020-ci il saat 00:00-dan 08.06.2020-ci il 06:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 2776 nəfər inzibati məsuliyyətə cəlb edilib”, - deyə məlumatda bildirilir.
Xatırladaq ki, baş nazir Əli Əsədov 06.06.2020-ci il saat 00:00-dan 08.06.2020-ci il 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazisində sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq edilməsi haqqında qərar imzalamışdı. Bu dövrdə bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılmış, əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilmişdi.
Azərbaycanda 7553 nəfər koronavirus infeksiyasına yoluxub, 4149 sağalıb, 88 nəfər isə vəfat edib.*
X.Nəsirzadə