Dövlət Gömrük Komitəsi (DGK) 2020-ci ilin yanvar-may aylarında dövlət büdcəsinə 1 milyard 696 milyon 108 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2019-cu ilin yanvar-may aylarında DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələrin həcmi 1 milyard 733 milyon 498,4 min manat təşkil edib. Beləliklə, bu ilin yanvar-may aylarında dövlət büdcəsinə köçürmələr 2,2% azalıb.
Bu dövrdə dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 1 milyard 227 milyon 376,2 min manat, aksizlər üzrə 54 milyon 498,2 min manat, yol vergisi üzrə 15 milyon 710,2 min manat təşkil edib.
Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 398 milyon 523,4 min manat məbləğində olub.
2020-ci ildə DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 4 milyard manat məbləğində müəyyən edilib.*
N.Abbasova