Azərbaycanda son 3 həftə ərzində COVİD-19 koronavirusa yoluxanların sayında kəskin artım müşahidə olunur, vəziyyət qənaətbəxş deyil. Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
“Son 3 həftə ərzində vəziyyət göstərir ki, karantin rejimi yumşaldılmaqca yoluxanların sayında kəskin artım müşahidə olunur. Həmçinin, yoluxanların sayı saölanların sayından çoxdur. Vəfat edənlərin sayında da artım var”, - Bayramlı çərşənbə axşamı brifinqdə bildirib.
Onun sözlərinə görə, 18-24 may tarixlərində Azərbaycanda 848 nəfərdə koronavirus aşkar olunub, 592 nəfər sağalıb, 10 nəfər vəfat edib. “Lakin 25-31 may tarixlərində yoluxanların sayı 1372 nəfər təşkil edib, 821 nəfər sağalıb, 14 nəfər vəfat edib. 1-7 iyun tarixləri ərzində 2059 nəfər yoluxub, 721 nəfər sağalıb, 25 nəfər vəfat edib. Ümumilikdə, vəziyyət urəkaçan deyil və vəziyyətin nəzarətdən çıxmaması üçün tədbirlər görmək lazımdır”, - o bildirib.
Bayramlı vurğulayıb ki, hazırda 3487 nəfər müalicə alır, onlardan 136 nəfər reanimasiyadadır, 20 nəfər süni ağciyər ventilyasiya aparatına qoşulub. “Bundan başqa, əlavə etmək istərdim ki, bizdə intensiv terapiyada olan çox sayda orta ağır xəstələr var”, - o əlavə edib.
TƏBİB-in sədri qeyd edib ki, bu məlumatlara əsaslanaraq Operativ Qərargah tərəfindən müəyyən qərarlar qəbul olunub (xüsusi karantin rejiminin müddətinin iyulun 1-dək uzadılması və 14-16 iyun tarixlərində Bakı və bir sıra iri şəhərlərdə xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə) .
Ümumilikdə, Azərbaycanda 8191 nəfərdə COVİD-19 aşkar olunub, 4606 nəfər sağalıb, 98 nəfər vəfat edib. **
A.Əzizov