Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti 2021-ci ilədək məşğulluq sistemini təkmilləşdirməyi planlaşdırır. Bunu Xidmətin rəisi Mustafa Abbasbəyli deyib.
"Prezident İlham Əliyevin fərmanı ilə 2019-cu ilin dekabr ayında nazirliyin nəzdində Dövlət Məşğulluq Xidmətinin bazasında Dövlət Məşğulluq Agentliyi yaradılıb. Agentlik bütün ölkə üzrə HR Departamenti funksiyasını yerinə yetirəcək. Biz xüsusilə həm işəgötürənlər, həm də iş axtaran vətəndaşlar arasında əlaqənin yaranacağı məşğulluq sisteminin təkmilləşdirilməsi üzərində işləyirik", - deyə M.Abbasbəyli iyunun 10-da “Caspian European Club” çərçivəsində “Xüsusi karantin rejimi dövründə əmək münasibətləri” mövzusunda keçirilən forumda söyləyib
O qeyd edib ki, mövcud vakansiya bankı yeni vakansiyalar barədə elan yerləşdirən saytlarla inteqrasiya hesabına genişlənəcək.
Bununla əlaqədar olaraq Xidmət rəisi vurğulayıb ki, bir çox kateqoriyalara bölünəcək və bu və ya digər iş üçün namizədlərin axtarışını yaxşılaşdırmağa imkan verəcək yeni konsepsiya yaradılır.
Abbasbəyli qeyd edib ki, yeni sistemin yaradılmasında bu sahədə uğur qazanmış müxtəlif ölkələrin, xüsusilə də Türkiyənin təcrübəsindən istifadə olunub. "Biz Türkiyə ilə sıx əməkdaşlıq edirik, əmək bazarının yaxşılaşdırılması üçün türkiyəli həmkarlarımızın təcrübəsini öyrənəcəyik", - deyə o qeyd edib.
Abbasbəylinin sözlərinə görə, yeni sistemin tərkib hissələrindən biri də məşğulluq reyestrinin yaradılması olacaq.
Bununla yanaşı, Xidmət rəisi təkmilləşdirmə işləri çərçivəsində Təhsil Nazirliyi ilə əməkdaşlığın aktual olduğunu vurğulayıb. Nazirlik əmək bazarında zəruri ixtisasların, tələb və təklifin vaxtında müəyyənləşdirilməsinə kömək edəcək
"Hazırda bizdə üç ixtisas hazırlığı mərkəzi var: Bakıda, Gəncədə və Göyçayda. Quba, Bərdə və Şəkidə daha üç mərkəzin yaradılması planlaşdırılır, onların layihələndirilməsi işləri başa çatıb. Almaniyanın dual study təcrübəsinin tətbiq olunacağı bu mərkəzlərdə tələbələr biliklərini təcrübədə möhkəmləndirəcəklər", - deyə Abbasbəyli qeyd edib.*
X.Nəsirzadə