Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının həmsədrləri keçirilən videogörüşdə birgə layihələri müzakirə ediblər. Bu barədə RF-nin Azərbaycandakı səfiri Mixail Boçarnikov məlumat verib.
"Dünən iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrlərinin videogörüşü keçirilib. Tərəflər ikitərəfli əməkdaşlıq məsələlərini, o cümlədən komissiyanın növbəti, 19-cu iclasının keçirilməsinə hazırlıq məsələlərini müzakirə ediblər", - deyə Boçarnikov bu gün mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ikitərəfli iqtisadi əməkdaşlıq altı "yol xəritəsi"nə əsaslanır.
"Bu videogörüşdə tərəflər "yol xəritələri"nə daxil olan bütün layihələri nəzərdən keçirib, konkret tədbirlərin görülməsi zərurətini müəyyənləşdiriblər. Tədbirlər işçi qruplar tərəfindən müzakirə edilir və hazırlanır. Tərəflərin daha əvvəl haqqında danışdıqları layihələrin bu ilin sonuna qədər başa çatacağı təsdiqlənib", - deyə səfir əlavə edib.
Hökumətlərarası Komissiyanın sonuncu iclası 9 dekabr 2019-cu il tarixində Bakıda keçirilib. Komissiyanın Azərbaycan tərəfdən həmsədri baş nazirin müavini Şahin Mustafayev, Rusiya tərəfdən isə baş nazirin müavini Aleksey Overçukdur.*
A.Əzizov