2020-ci ilin IV rübündə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyanın 19-cu iclası keçiriləcək. Bu barədə RF hökumətinin saytında məlumat verilir.
Azərbaycan və Rusiya baş nazirlərinin müavinləri və eyni zamanda, komissiyanın həmsədrləri Şahin Mustafayev və Aleksey Overçuk dünən keçirilmiş videogörüşdə iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlıq, sənaye və humanitar, nəqliyyat və rabitə sahələrində əməkdaşlıqla bağlı aktual məsələləri nəzərdən keçiriblər.
"Hökumətlərarası Komissiyanın həmsədrləri müxtəlif sahələrdə Rusiya-Azərbaycan əməkdaşlığının dərinləşdirilməsi istiqamətində qərarlar qəbul ediblər. Hər iki ölkənin nazirliklərinə və qurumlarına praktiki əməkdaşlığın inkişafı üzrə birgə sənədlərin layihələrinin hazırlanmasını sürətləndirmək tapşırılıb. Komissiyanın növbəti iclasının 2020-ci ilin IV rübündə keçirilməsi barədə razılıq əldə olunub", - deyə məlumatda vurğulanır.
Komissiyanın sonuncu iclası 2019-cu il dekabrın 9-da Bakıda keçirilib.*
A.Əzizov