Avropa Parlamenti Ermənistan ilə Dağlıq Qarabağ bölgəsi arasında əlaqə yaradacaq magistral yolun tikintisi ilə bağlı Yerevanın planlarını pisləyib.
İyunun 10-da Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand, Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Trayan Basesku Ermənistan ilə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi arasında əlaqə yaradacaq magistral yolun tikintisi ilə bağlı birgə bəyanat yayıblar.
"Ermənistan və Dağlıq Qarabağı birləşdirən üçüncü avtomobil yolunun inşasına tezliklə başlanılmalıdır. Bu yeni yol infrastrukturu işğal altında olan Qubadlı və Cəbrayıl rayonlarını keçərək Ermənistanın Qafan rayonunu Dağlıq Qarabağın Hadrut rayonu ilə birləşdirəcək”, - deyə bəyanatda vurğulanır.
Kalyurand, Zavko və Basesku qeyd ediblər ki, Avropa Parlamenti Şərq Qonşuluğundakı regional əməkdaşlığı, əlaqələri və insanlar arasındakı əlaqələri inkişaf etdirən layihələri dəstəkləyir. “Lakin bu magistralın inşası qərarı Azərbaycanın səlahiyyətli orqanlarının razılığı olmadan qəbul edilib və beynəlxalq hüquq pozulub. Bundan əlavə, bu addım Dağlıq Qarabağın və ətraf rayonların qanunsuz işğalını simvolik olaraq əhatə edə bilər”, - deyə bəyanatda bildirilir.
“Buna görə də bu təşəbbüsdən çox təəssüflənirik, çünki bu, etimad, sülh və barışıq mühiti yaratmağa kömək etmir. Biz ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərinə və onların 2009-cu ildə təsdiqlənən Əsas Prinsiplərinə dəstəyimizi bir daha bəyan edirik. Bu vasitəçiliyin uğur qazanması üçün biz Ermənistan və Azərbaycan hakimiyyətlərini Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində münaqişənin sülh yolu ilə həllinə dair danışıqlara sadiq olduqlarını nümayiş etdirməyə çağırırıq", - deyə bəyanatda vurğulanır.*
A.Əzizov