Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) koronavirus (COVİD-19) infeksiyasının mənfi təsirinin aradan qaldırılması üçün "Unimetal” LLC-yə 6 milyon manat (3,3 milyon avro) məbləğində kredit ayırır.
““Unimetal” LLC-nin COVID-19 pandemiyası ilə əlaqədar əlverişsiz şəraitdə həyata keçirdiyi əməliyyat fəaliyyətini dəstəkləmək məqsədilə zəruri likvidlik buferi və dövriyyə kapitalının yaradılması üçün şirkətə 2 tranşla 6 milyon manat (3,3 milyon avro) məbləğində kredit ayrılır”, - deyə bankdan "İnterfaks-Azərbaycan" agentliyinə məlumat verilib.
Kreditin 2,125 milyon manat məbləğində ilk tranşı kreditlərin yenidən maliyyələşdirilməsinə yönəldiləcək.
3,875 milyon manat məbləğində ikinci tranş banka likvidliklə bağlı vəziyyəti yaxşılaşdırmağa imkan verəcək.
“Unimetal” Azərbaycanda metal tikinti materiallarının aparıcı istehsalçılarından və satıcılarından biridir.
Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. AYİB bu günədək respublikada 172 layihənin maliyyələşdirilməsinə 3,4 milyard avro ayırıb. Hazırda bankın respublika üzrə aktiv portfelinə 38 layihə daxildir və onların həyata keçirilməsinə təxminən 1,4 milyard avro ayrılıb.*
A.Əzizov