2018-ci il iyunun 30-dan etibarən TANAP-la Türkiyəyə göndərilən Azərbaycan təbii qazının ümumi həcmi 2020-ci il iyunun 30-na 6 milyard kubmetrə çatacaq. Bu barədə TANAP konsorsiumunun baş direktoru Saltuk Düzyol məlumat verib.
O bildirib ki, 2018-ci il iyunun 30-dan TANAP-la Türkiyəyə kommersiya qazının nəqlinə başlanılıb və birinci il 2 milyard kubmetr qaz tədarük edilib.Bu il iyunun 30-na TANAP-la Türkiyəyə göndərilən Azərbaycan təbii qazının həcmi 6 milyard kubmetrə çatacaq”, – deyə o, “Anadolu” agentliyinə müsahibəsində bildirib.
Baş direktorun sözlərinə görə, sonrakı dövrdə boru kəməri ilə ildə 6 milyard kubmetr qaz nəql olunacaq.
Düzyol qeyd edib ki, TANAP özünü Qərblə Şərq arasında enerji dəhlizi kimi tanıtmağa çalışan Türkiyənin iqtisadi siyasətində xüsusi yer tutur.
"TANAP bir çox hallarda bir qaz tədarükçüsündən asılı olan Cənub-Şərqi Avropa ölkələrinə enerji daşıyıcılarının tədarüklərini şaxələndirməyə imkan verir. Azərbaycan bu qaz kəməri sayəsində Avropaya təbii qaz ixrac etmək imkanı əldə edib ki, bu da ölkənin gəlirlərini artıracaq və əhalinin rifahını yüksəldəcək. Bu, həmçinin Bakının Avropa İttifaqı ilə siyasi və iqtisadi münasibətlərinin inkişafına da mühüm təkan verəcək",- deyə konsorsiumun rəhbəri hesab edir.
O bildirib ki, TANAP kommersiya fəaliyyətinə başladığı vaxtdan bəri heç bir əngəl olmadan 100% səmərə ilə işləyir.
"Dünyada baş verən iqtisadi və sosial böhranlar bizim ticarət fəaliyyətimizə maneə yaratmır, çünki qazın nəqlinə dair 15 illik sazişlər çərçivəsində həcmlər və tariflər əvvəlcədən müəyyənləşdirilib, buna görə qaz nəqlindən illik sabit gəlir təmin edilib", - deyə Düzyol vurğulayıb.
O, həmçinin xatırladıb ki, TANAP qaz kəməri Azərbaycan qazının Trans-Adriatik qaz kəməri (TAP) vasitəsilə Avropaya nəqlinə tam hazırdır.
"Biz artıq TAP-ın sınaqdan keçirilməsi üçün 21,4 milyon kubmetr qaz nəql etmişik. Yaxın aylarda TAP tərəfindən tələbatdan asılı olaraq sınaq üçün qazın nəql həcmini artıracağıq. Biz TAP qaz kəməri ilə bağlı sınaq işləri başa çatdıqdan və kəmər istismara verildikdən sonra kommersiya qazının Avropaya nəqlinə mümkün qədər tez başlamaq niyyətindəyik", - deyə baş direktor əlavə edib.
TANAP-ın birinci fazası (Gürcüstan-Türkiyə sərhədindən Əskişəhərədək) 2018-ci il iyunun 12-də işə salınıb. Türkiyəyə ilk kommersiya qazının tədarükünə 2018-ci il iyunun 30-dan başlanılıb. 2019-cu il aprelin 15-də TANAP qaz kəmərinin Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinədək olan hissəsinə qazın sınaq tədarükünə başlanılıb. Həmin ilin iyun ayının 15-də “Şahdəniz” yatağından hasil edilən qaz TANAP ilə Türkiyə-Yunanıstan sərhədinə çatıb. 2019-cu il iyulun 1-dən TANAP Azərbaycan qazının Avropaya nəqli üçün tam hazır vəziyyətdədir. Noyabrın 30-da qaz kəmərinin ikinci fazasının (Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinədək) işə salınması mərasimi keçirilib.
TANAP-ın tikintisi $6,5 milyarda başa gəlib.
Ümumi uzunluğu 1,85 min kilometr olan TANAP qaz kəməri “Mərhələ-2” çərçvəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub.
Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 milyard kubmetr təşkil edəcək. Bu həcmin 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək. Gələcəkdə boru kəmərinin ötürmə qabiliyyəti illik 24 milyard kubmetrə, daha sonra isə 31 milyard kubmetrə çatdırılacaq.
TANAP-ın səhmdarları SOCAR (51%), “SOCAR Turkiye Enerji” (7%), BOTAS (30%) və BP (12%) şirkətləridir. Bu boru kəməri 15 il ərzində səhmdarlara ildə ümumilikdə $1,45 milyard gəlir gətirəcək, bunun 58%-i Azərbaycanın payına düşəcək.
N.Abbasova