Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putini Rusiya Günü münasibətilə təbrik edib.
“Hörmətli Vladimir Vladimiroviç. Sizi dövlət bayramınız – Rusiya Günü münasibətilə ürəkdən təbrik edirəm. Rusiya Federasiyası ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrdə inkişaf, tərəqqi və dəyişikliklər yolunda inamla irəliləyir. Fəal xarici siyasət kursu Sizin ölkənizin dünya arenasında mövqeyinin gücləndirilməsi üçün etibarlı təməldir”, - deyə Azərbaycan prezidentinin saytında dərc olunmuş təbrikdə bildirilir.
İ.Əliyev Azərbaycan ilə Rusiya arasında münasibətlərin yüksək səviyyədə olmasını böyük məmnuniyyətlə qeyd edib. “Xalqlarımız arasında çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək ənənələri çoxşaxəli Azərbaycan-Rusiya əlaqələrinin və strateji tərəfdaşlığının daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi üçün möhkəm bünövrədir. Əminəm ki, ikitərəfli münasibətlərin gündəliyindəki məsələlərin bütün spektrinin uğurla reallaşdırılması ölkələrimiz arasında qarşılıqlı faydalı və tammiqyaslı əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar açacaq”, - deyə təbrik məktubunda vurğulanır.
O, koronavirus pandemiyasının nəticələrinin aradan qaldırıldığı dövrdə Azərbaycan xalqının Rusiya xalqı ilə həmrəy olduğunu bildirib.
“Hörmətli Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı, uğurlar, bütün rusiyalılara firavanlıq və əmin-amanlıq diləyirəm”, - deyə İ.Əliyev qeyd edib.*
B.Rüstəmbəyov