İyunun 18-dən Azərbaycanda daxili reyslər bərpa olunacaq. Birinci mərhələdə yalnız Naxçıvana reyslər həyata keçiriləcək. Bu barədə “Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev məlumat verib.
“AZAL iyunun 18-dən daxili reyslərin həyata keçirilməsinə başlayacaq. Birinci reys Naxçıvana həyata keçiriləcək”, - deyə o, bu gün keçirilən brifinqdə bildirib.
Vitse-prezidentin sözlərinə görə, uçuşlar “Embraer 190” tipli təyyarələrlə yerinə yetiriləcək.
“Təyyarədə 106 yer olsa da, bunun 100-ü üzrə bilet satışa çıxarılacaq. 6 yer xəstəlik əlaməti olan sərnişinlər üçün nəzərdə tutulub”, - deyə o qeyd edib.
E.Hacıyev vurğulayıb ki, bu gün Azərbaycanda koronavirus (COVID-19) pandemiyası dövründə yerinə yetiriləcək sərnişin daşımaları ilə bağlı yeni qaydalar təsdiqlənib.
Bu qaydalara əsasən, Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşən sərnişinlər üçün aşağıdakı tədbirlər tətbiq edilir:
- yalnız yola düşməyə hazırlaşan sərnişinlərin aerovağzal kompleksinin binasına daxil olmalarına icazə verilir;
- terminal binasına daxil olmazdan əvvəl sərnişinlər xüsusi avadanlıq - dezinfeksiyaedici dəhliz vasitəsilə ümumi dezinfeksiya prosedurundan keçirlər;
- aerovağzal kompleksinin daxilində sərnişinlər tibbi maskalardan istifadə etməlidirlər. Tibbi maskaları olmayan sərnişinlərə hava limanı əməkdaşları tərəfindən maskalar təqdim ediləcəkdir;
- girişdə bütün sərnişinlərin bədən hərarəti ölçüləcək, 37,50 C-dən yuxarı hərarəti olan sərnişinlər reysə buraxılmayacaq;
- aviasiya təhlükəsizliyi əməkdaşları tərəfindən yoxlama proseduru sosial məsafəyə riayət olunmaqla həyata keçiriləcək. Bunun üçün terminalda xüsusi işarələr mövcuddur;
- qeydiyyat üçün növbələrə hava limanının xüsusi təyin edilmiş əməkdaşları tərəfindən nəzarət olunacaq. Qeydiyyat prosedurunu həmçinin müstəqil qeydiyyat köşklərində də keçmək mümkündür (“Azərbaycan Hava Yolları” və “Buta Airways” aviaşirkətlərinin reysləri üçün). Bu zaman baqajı «Bag Drop» masasında təhvil vermək olar. Növbədə gözləməmək məqsədilə aviaşirkət qeydiyyat prosedurunu saytda onlayn rejimdə və ya mobil tətbiq vasitəsilə keçməyi tövsiyə edir. Sərnişinlərin baqajı qəbul edildikdən sonra dezinfeksiya olunacaq və üzərinə təsdiqləyici işarə vurulacaq;
- uçuş zonasında (gömrük və sərhəd nəzarətindən keçdikdən sonra) Duty Free mağazaları və restoranlar Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimat və göstərişlərinə riayət etməklə fəaliyyət göstərəcək;
- sərnişinlərin hava gəmisinə daxil olması salondakı sonuncu sıralardan başlayaraq həyata keçiriləcək.*
B.Rüstəmbəyov