“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 2020-ci ilin sonunadək 6 ədəd təchizat katerini istismara verməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
“2019-cu ildə ASCO-nun strukturuna daxil olan “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda daxili imkanlar hesabına 6 ədəd təchizat katerinin tikintisinə başlanılıb və bu gəmilərin 2020-ci ildə istismara verilməsi planlaşdırılır”, - deyə məlumatda bildirilir.
Son 6 il ərzində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi tərəfindən 22 ədəd yeni gəmi, o cümlədən nəqliyyat donanmasına 8 ədəd quru yük gəmisi və 2 ədəd tanker, ixtisaslaşmış neft donanmasına isə 12 ədəd gəmi istismara verilib.
“Hazırda Bakı Gəmiqayırma Zavodunda yükqaldırma qabiliyyəti 8 min ton olan 3 ədəd tankerin və 1 ədəd Ro-Pax tipli bərənin tikintisi davam edir. ASCO 2030-cu ilədək donanmaya 70 ədəd müxtəlif tipli gəmi daxil etməyi planlaşdırır”, - deyə məlumatda qeyd olunur.
Prezident İlham Əliyev 2013-cü ilin oktyabr ayında Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının bazasında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin yaradılması haqqında sərəncam imzalayıb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin tərkibinə nəqliyyat donanması ilə yanaşı, ixtisaslaşdırılmış donanma və gəmi təmiri zavodları daxildir. Nəqliyyat Donanmasının tərkibində 52 gəmi, o cümlədən 22 tanker, 13 gəmi-bərə, 15 universal quru yük gəmisi və 2 Ro-Ro tipli gəmi vardır. İxtisaslaşdırılmış donanma isə 212 gəmidən ibarətdir.*
N.Abbasova