2020-ci ilin yanvar-may aylarında Azərbaycanda 2 milyard 165,1 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 3,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə 1 milyard 721 milyon manat məbləğində heyvandarlıq, 443,2 milyon manat məbləğində bitkiçilik məhsulları istehsal edilib. Heyvandarlıq məhsullarının istehsal həcmi 3,2%, bitkiçilik məhsullarının istehsal həcmi 5,3% artıb.
Beş ay ərzində respublikada 207,5 min ton ət (artım 3%), 859,4 min ton süd (artım 1,6%), 836,3 milyon ədəd yumurta (artım 9,3%), 12,2 min ton yun (artım 0,1%) və 18,3 ton barama (artım 9,7%) istehsal edilib.
Hesabat dövründə Azərbaycanda 57,1 min ton dənlilər və dənli paxlalı bitkilər (azalma 63,1%), 287,4 min ton tərəvəz (artım 16,2%), 196,1 min ton kartof (artım 13,7%), 20,7 min ton meyvə və giləmeyvə (artım 24,7%), 392 ton yaşıl çay (artım 22%) yığılıb.
DSK-nın məlumatına görə, ölkənin əksər rayonlarında yazlıq bitkilərin əkini davam edir.
Cari il iyunun 1-nə olan vəziyyətə görə, yazlıq bitkilərin əkin sahəsi 386,2 min hektar təşkil edib. Həmçinin, 57,2 min hektar sahədə taxıl və paxlalı bitkilər (33,3 min hektar qarğıdalı daxil olmaqla), 56,9 min hektar sahədə kartiof, 65,2 min hektar sahədə tərəvəz, 19,3 min hektar sahədə bostan bitkiləri, 99,5 min hektarda pambıq, 4,9 min hektarda şəkər çuğunduru, 11,4 min hektarda günəbaxan, 2,9 min hektarda tütün, 64,5 min hektarda çoxillik otlar1 min hektarda – birillik otlar, 3,4 min hektarda digər bitkilər əkilib.
2019-cu ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 7,2% artıb.** X.Nəsirzadə