2020-ci ilin yanvar-may aylarında Azərbaycanda neft məhsullarının istehsalı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2% - 1 milyard 295 milyon manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə 505,9 min ton avtomobil benzini (artım 1,2%), 930,6 min ton dizel yanacağı (artım 5%), 38,5 min ton soba mazutu (artım 17,4%), 10,8 min ton sürtkü yağı (artım 61,2%), 99,9 min ton neft bitumu (artım 37,2%) istehsal edilib.
Yanvar-may aylarında birbaşa qovulan benzin istehsalında 3,5% - 131,6 min tonadək, təyyarə yanacağı istehsalında 13,6% - 219,9 min tonadək, neft koksu istehsalında 6,7% - 95,2 min tonadək azalma qeydə alınıb.
2020-ci il iyunun 1-nə Bakı Neft Emalı Zavodunun anbarlarında 92 min ton avtomobil benzini, 39,3 min ton təyyarə yanacağı, 106 min ton dizel yanacağı, 18,4 min ton soba mazutu, 10,3 min ton sürtkü yağı, 19,8 min ton neft bitumu, 72,8 min ton neft koksu ehtiyatı olub.
Hazırda Azərbaycanda yalnız bir neft emalı zavodu - Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu fəaliyyət göstərir.*
N.Abbasova