2020-ci ilin III rübündə Azərbaycan-İtaliya Strateji Dialoqunun ilk iclası keçiriləcək. Bunu energetika naziri Pərviz Şahbazov deyib.
“Azərbaycan və İtaliyaya arasında münasibətlərin gələcək inkişafı məqsədilə Azərbaycan-İtaliya Strateji Dialoqunun üçüncü rübdə ilk iclasının, XİN-lərarası siyasi məsləhətləşmələrin isə növbəti iclasının keçirilməsi, parlamentlərarası əməkdaşlığın və beynəlxalq təşkilatlar çərçivəsində təmasların gücləndirilməsi məqsədəuyğun hesab edilib”, - deyə P.Şahbazov bu gün Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökümətlərarası Komissiyanın həmsədri, İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq üzrə dövlət katibi Manlio Di Stefano ilə keçirilən videokonfransda bildirib.
P.Şahbazov qeyd edib ki, 2020-ci ilin yanvar-aprel aylarında 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə iki ölkə arasında ticarət dövriyyəsinin həcminin 13,82% artaraq $2 milyard 554 milyon olub. Bu il idxal 14,5%, ixrac isə 13,8% artıb. Cari ilin dörd ayında İtaliyanın Azərbaycanın xarici ticarət dövriyyəsindəki payı 26,4% (1-ci yer) təşkil edib.
Energetika naziri TAP layihəsinin icrası ilə bağlı irəliləyişlərə görə İtaliya hökumətinə təşəkkür edib. ““Cənub Qaz Dəhlizi”nin tam istismara verilmə mərasimində İtaliya Nazirlər Şurasının sədri Cüzeppe Konteni görməkdən məmnun olardıq”, - deyə o bildirib.
Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi, o cümlədən investisiya əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə edilib.*
B.Rüstəmbəyov