2020-ci ilin yanvar-aprel aylarında Avrasiya nəqliyyat dəhlizi (TRACECA) çərçivəsində Azərbaycan ərazisi ilə yük daşımalarının həcmi 15 milyon 866,7 min ton təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 5,9% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəhliz çərçivəsində 4 milyon 287,3 min ton yük və ya bütün yükdaşımaların 27%-i dəmir yolu nəqliyyatı (2019-cu ilin yanvar-aprel ayları ilə müqayisədə artım 0,7% - İF), 9 milyon 859,7 min tonu və ya 62,2%-i avtomobil nəqliyyatı (azalma 9%), 1 milyon 719,7 min tonu və ya 10,8%-i dəniz nəqliyyatının (azalma 2,8%) payına düşüb.
Bu dövrdə TRACECA çərçivəsində yük daşımalarının ümumi həcmində 2 milyon 951,3 min ton və ya 18,6% (artım 5,1%) tranzit yüklərin payına düşüb.
2019-cu ildə TRACECA çərçivəsində Azərbaycan ərazisi ilə 52 milyon 761,9 min ton yük, o cümlədən 8 milyon 77,2 min ton (15,3%) tranzit yük daşınıb.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.
Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır.** N.Abbasova