Dağıstan hökuməti koronavirusla bağlı vəziyyətə görə Rusiya ərazisində qalmış Azərbaycan vətəndaşlarının Vətənə qaytarılması məsələsini həll etmək üçün Azərbaycandan nümayəndə heyətinin gəlməsini gözləyir. Bu barədə "İnterfaks-Cənub" agentliyinə Dərbənd Rayon Administrasiyasının mətbuat xidmətindən məlumat verilib.
“Bu gün Dağıstanda Azərbaycanın rəsmi şəxslərinin gələcəyini gözləyirlər. Onlarla birlikdə vətəndaşların öz ölkələrinə qayıtması məsələsi barədə qərar qəbul edəcəyik”, - deyə məlumatda bildirilir.
Daha əvvəl verilən məlumata görə, ötən gün 400-ə yaxın Azərbaycan vətəndaşı Dağıstanda Kullar kəndi yaxınlığında yaradılmış çadır düşərgəsi və müvəqqəti yerləşmə məntəqəsini tərk edib. Onlar Azərbaycana buraxılışın təşkilindən narazılıq bildirərək Qafqaz federal yolunu bağlayıblar. Rusiya FTX-nin respublika üzrə Sərhəd İdarəsi və DİN əməkdaşları hadisə yerinə gəliblər. Etirazçılar müqavimət göstəriblər. Nəticədə bir neçə əməkdaş yüngül xəsarət alıb. 90-a yaxın Azərbaycan vətəndaşı polis bölməsinə aparılıb. *