Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün Dağıstanla quru sərhədlə 150 nəfərdən artıq vətəndaşın ölkəyə keçməsinin təmin olunması ilə bağlı planları təsdiq edib. Bu barədə rəsmi KİV-in məlumatında deyilir.
“Bu gün 150 nəfərdən artıq vətəndaşın ölkəyə keçməsi təmin olunacaq”, - deyə o bildirib.
“Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədinin Dağıstan istiqamətində Məhərrəmkənd rayonu, Kullar postunda baş vermiş hadisə ilə bağlı təəssüfümüzü bildiririk”, - deyə H.Hacıyev qeyd edib.
Onun sözlərinə görə, 2020-ci ilin mart ayının sonu, aprel ayının əvvəlindən etibarən Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında “Samur” sərhəd buraxılış məntəqəsi və beynəlxalq hava limanları vasitəsilə 2976 nəfər Azərbaycan Respublikası vətəndaşının Rusiyadan ölkəmizə geri qayıdışı təmin olunub.
Prezidentin köməkçisi əlavə edib ki, bu həftə “Evə gedirəm” portalı vasitəsilə qeydiyyata düşmüş vətəndaşların Bakı-Moskva-Bakı çarter reysi ilə geri qaytarılması da nəzərdə tutulub.
Daha əvvəl verilən məlumata görə, 400-ə yaxın Azərbaycan vətəndaşı Dağıstanda Kullar kəndi yaxınlığında yaradılmış çadır düşərgəsi və müvəqqəti yerləşmə məntəqəsini tərk edib. Onlar Azərbaycana buraxılışın təşkilindən narazılıq bildirərək Qafqaz federal yolunu bağlayıblar. Rusiya FTX-nin respublika üzrə Sərhəd İdarəsi və DİN əməkdaşları hadisə yerinə gəliblər. Etirazçılar müqavimət göstəriblər. Nəticədə bir neçə əməkdaş yüngül xəsarət alıb. 90-a yaxın Azərbaycan vətəndaşı polis bölməsinə aparılıb. *
X.Nəsirzaə