İyulun 7-dən etibarən "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Naxçıvan və Naxçıvan-Bakı reysləri üzrə yeni qaydalara uyğun biletlər satacaq. Bunu şirkətin vitse-prezidenti Eldar Hacıyev deyib.
“İyun ayının 18-dən AZAL Bakı-Naxçıvan və Naxçıvan-Bakı reysləri üzrə uçuşlara başlayacaq. Hələlik yay mövsümünə uçuşlar hər istiqamət üzrə həftədə iki reys olmaq şərtilə həyata keçiriləcək, bu da çox az saydır. Lakin bu qərar epidemioloji vəziyyət və Operativ Qərargahın qərarları əsasında qəbul edilib”, - Hacıyev bildirib.
Onun sözlərinə görə, 2019-cu ildə AZAL by reyslər ilə təxminən 20 min nəfəri daşıyırdı. “Hazırda bir bu rəqəmin təxminən 2% barədə danışırıq”, - Hacıyev əlavə edib.
O vurğulayıb ki, iyulun 7-dən etibarən Bakı-Naxçıvan və Naxçıvan-Bakı reysləri üzrə biletlərin satış qrafiki dəyişilir. “AZAL həmin reyslərə biletləri Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyindən əldə etdiyi siyahı əsasında satacaq. Biz, AZAL olaraq əldə etdiyimiz siyahıya əsasən sərnişinlərə xüsusi linklər göndərəcəyik. Həmin linklər vasitəsilə sərnişinlər biletin ödənişini həyata keçirəcəklər”, - şirkətin vitse-prezidenti vurğulayıb.
Həmçinin, bütün vətəndaşlar onlarda koronavirus xəstəliyinin olmamasına dair tibbi arayış əldə etməlidirlər. **
A.Əzizov