Azərbaycan prezidenti İlham Əliyev “Microsoft” şirkətinə beş illik rəqəmsal transformasiya üzrə hökumət strategiyasının hazırlanmasında iştirak etməyi təklif edib.
“Gələcək planlarımıza gəlincə, bəlkə də bilirsiniz ki, hazırda biz rəqəmsal transformasiya üzrə hökumət strategiyası üzərində işləyirik. Ümidvarıq ki, bu məsələdə “Microsoft”la yaxşı əməkdaşlıq edə biləcəyik. Bu proqram növbəti 5 il üçün planlaşdırılır”, - Əliyev çərşənbə axşamı “Microsoft” şirkətinin vitse-prezidenti Filip Roq ilə videokonfrans zamanı bildirib.
Əliyev əlavə edib ki, Azərbaycan süni intellekt üzrə strategiyanın ətraflı işlənib hazırlanması üzərində işləyir. “Kibertəhlükəsizlik hər zaman gündəlikdədir, çünki bu, bütün ölkələrin hazırlıqlı olmalı olduğu məsələdir. İndiyədək bizdə belə böyük hallar olmayıb, lakin heç kim sığortalanmayıb. Ona görə də bu da bizim gələcəyimiz üçün prioritetlər sırasında qalır”, - o qeyd edib.
Prezident qarşıdakı illərdə “Microsoft” ilə tərəfdaşlığın güclənəcəyinə əminlik ifadə edib.
“Həmçinin pandemiya ilə əlaqədar bu vəziyyət bizi məcbur edir ki, təhsil, distant təhsil məsələlərinə yeni bucaqdan baxaq. Baxmayaraq ki, mövcud vəziyyətə özümüzü uyğunlaşdırmaq üçün bizim çox vaxtımız olmadı, lakin müəyyən addımlar atılmışdır. Çünki bizim məktəb və universitetlərimiz mart ayından bəri bağlanıb. Biz sentyabrın 15-dən başlayacaq yeni tədris ilinə hazırlaşmalıyıq. Həmin zaman pandemiya ilə bağlı vəziyyətin necə olacağını bilmirik, məktəb və universitetləri aça biləcəyimizi bilmirik, ona görə də biz ən pis ssenariyə hazırlıqlı olmalıyıq”, - o vurğulayıb.
Filip Roq qeyd etdi ki, pandemiya dövründə kiberhücumların sayı artıb. O məmnunluqla bildirdi ki, “Microsoft” şirkətinin süni intellekt platforması Azərbaycan dilini də tezliklə dərk edəcək.
Prezident İlham Əliyev Filip Roqu pandemiyadan sonra Bakıya dəvət edib. **
A.Əzizov