2020-ci ilin yanvar-may aylarında Azərbaycan 166 min 981,1 ton metanol ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
“2020-ci ilin yanvar-may aylarında Azərbaycandan $16 milyon 698,11 min dəyərində 166 min 981,1 ton metil spirti ixrac edilib. Hesabat dövründə ixracın ümumi həcmində metanolun payı 0,24%, qeyri-neft məhsullarının ixrac strukturunda 2,31% təşkil edib”, - deyə məlumatda bildirilir.
May ayında Azərbaycan $4 milyon 324,87 min dəyərində 43 min 248,7 ton metil spirti ixrac edib.
Azərbaycanda metanol istehsalı ilə «SOCAR Methanol» MMC məşğul olur.
"SOCAR Methanol" 2020-ci ildə metanol istehsalını 480 min ton həcmində proqnozlaşdırır.
Bakı şəhərinin Qaradağ rayonunda yerləşən Metanol zavodu “AzMeCo” şirkəti tərəfindən inşa edilib. Zavodun inşasına $500 milyona yaxın sərmayə qoyulub. Zavodun illik istehsal gücü 720 min ton metil spirti təşkil edir.
SOCAR məhkəmənin qərarı ilə Azərbaycan Beynəlxalq Bankından alınaraq “Aqrarkredit” QSC-nin sərəncamına verilmiş müəssisəni sonuncudan 810 milyon manata əldə edib.*
N.Abbasova