“MİDA” MMC Gəncə şəhərində yaşayış kompleksinin sahəxarici və sahədaxili su təchizatı və abadlıq işlərinə 2 milyon 705,996 min manat yönəldəcək.
www.tender.gov.az saytının məlumatına görə, MİDA sahəxarici və sahədaxili su təchizatı üçün podratçı qismində “İnşaat” İstehsalat-Tikinti Quraşdırma İnşa Müəssisəsini cəlb edib. Şirkət ilə 1 milyon 117,749 min manat məbləğində müqavilə bağlanıb.
“11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC ilə yaşayış kompleksinin tikintisi ilə əlaqədar ərazinin şaquli planlaşdırılması, səkilər və yollar, abadlıq və yaşıllaşdırma işləri ilə bağlı müqavilə imzalanıb. Müqavilənin dəyəri – 1 milyon 588,247 min manatdır.
Yaşayış kompleksi Gəncədə Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha ərazidə tikiləcək.
Hazırda MİDA Bakıda sosial mənzil tikintisi üzrə 3 layihənin reallaşdırılması ilə məşğuldur – ikisi Yasamal rayonunda və biri Hövsan qəsəbəsində. Həmçinin “MİDA” Sumqayıt şəhərində çoxmənzilli yaşayış kompleksi inşa edir.** B.Rüstəmbəyov