2020-ci ilin yanvar-may aylarında Azərbaycan əhalisi ticarət obyektlərindən 14,567 milyard manatlıq istehlak malları alıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 1,7% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə əhali tərəfindən ərzaq malları, içki və tütün məmulatlarının alınmasına 7,827 milyard manat (2019-cu ilin yanvar-may ayları ilə müqayisədə artım 3,2%), qeyri-ərzaq mallarının alınmasına 6,739 milyard manat (azalma 6,5%) sərf olunub.
Bu dövrdə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 53,7%-i ərzaq məhsulları, içki və tütün məmulatlarının, 14,9%-i toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 5,7%-i elektrik malları və mebellərin, 5,6%-i avtomobil yanacağının, 1,8%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,6%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Yanvar-may aylarında istehlak mallarının 23,6%-i ticarət müəssisələri, 49,5%-i fərdi sahibkarlar tərəfindən, 26,9%-i bazar və yarmarkalarda satılıb. 2019-cu ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi müəssisələr üçün real ifadədə 13,4% artıb, fərdi sahibkarlar üçün 0,5%, bazar və yarmarkalarda 15,1% azalıb.
Cari ilin yanvar-may aylarında ticarət şəbəkəsində bir ölkə sakini 157,2 manatlıq ərzaq məhsulları, içki və tütün məmulatları, 135,4 manatlıq qeyri-ərzaq məhsulları alıb.*
B.Rüstəmbəyov