Azərbaycan və Ukrayna Xarici İşlər nazirlikləri arasında keçirilən siyasi məsləhətləşmələr zamanı Bakı-Kiyev münasibətlərinin cari vəziyyəti təhlil edilib.
İyunun 17-də Azərbaycan və Ukrayna Xarici İşlər nazirlikləri arasında videokonfrans formatında növbəti siyasi məsləhətləşmələr keçirilib. Bu barədə Azərbaycan XİN-in məlumatında deyilir.
Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Ukrayna tərəfindən isə xarici işlər nazirinin müavini Vasili Bodnar rəhbərlik edib.
Tərəflər hər iki ölkənin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü, suverenliyi və dövlət sərhədlərinin toxunulmazlığı ilə bağlı qarşılıqlı dəstəkdən məmnunluq ifadə edərək, qeyd edilən dəstəyin bundan sonra da ikitərəfli, regional və beynəlxalq səviyyədə davam etdiriləcəyini vurğulayıblar. “Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi və qarşılıqlı dəstək məsələləri müzakirə olunub. İqtisadi, enerji, humanitar, hərbi-texniki, nəqliyyat, tranzit daşımaları, kənd təsərrüfatı, səhiyyə, təhsil, mədəniyyət və diaspora sahələrində qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb”, - deyə məlumatda bildirilir.
X.Xələfov cari ilin birinci rübünə olan ticarət dövriyyəsinin səviyyəsindən məmnunluğunu bildirib. O, alternativ və çoxşaxəli yükdaşımaların həyata keçirilməsi baxımından Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Şimal-Cənub, Şərq-Qərb və Cənub-Qərb nəqliyyat marşrutları haqqında məlumat verərək Ukraynanın da sözügedən layihələrdən yararlana biləcəyini qeyd edib.
Müvafiq sahələr üzrə əməkdaşlığın gücləndirilməsi məqsədilə Azərbaycan-Ukrayna Birgə Hökumətlərarası Komissiyasının işçi qruplarının iclaslarının videokonfrans formatında keçirilməsi təklif olunub.*
B.Rüstəmbəyov