Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə telefon söhbəti zamanı regional və enerji təhlükəsizliyi məsələləri, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edib.
“İyunun 17-də Şarl Mişel prezident İlham Əliyevə telefonla zəng edib. Söhbət zamanı tərəflər Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçiriləcək Sammiti ilə bağlı fikir mübadiləsi aparıblar”, - Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat verir.
Söhbət zamanı Əliyev və Mişel Avropa İttifaqı-Azərbaycan əlaqələrinin hər iki tərəf üçün çox vacib olduğu bildiriblər, Azərbaycanla Avropa İttifaqı arasında Tərəfdaşlıq Sazişi üzərində işin getdiyini qeyd ediblər.
“Bundan başqa, həmsöhbətlər enerji təhlükəsizliyi məsələsinə toxunaraq Cənub Qaz Dəhlizi layihəsinin bu işə töhfə verəcəyini vurğulayıblar”, - məlumatda qeyd edilir.
Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini bir daha ifadə edərək bildirib ki, Ermənistan rəhbərliyi daima danışıqlar formatını dəyişdirməyə cəhdlər edir. “Bundan başqa, Ermənistan rəhbərliyinin Dağlıq Qarabağın Ermənistana aid olması ilə bağlı bəyanatlar verməsi münaqişənin həllinə əngəl törətməklə bərabər, danışıqlar prosesinə də böyük zərbə vurur. Prezident İlham Əliyev bir daha bildirib ki, münaqişənin həlli yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür”, - Azərbaycan liderinin Mətbuat Xidməti qeyd edir.
Həmçinin, Əliyev və Mişel regional təhlükəsizlik məsələləri ilə də bağlı fikir mübadiləsi aparıblar, koronavirus pandemiyası ilə mübarizə istiqamətində həyata keçirilən tədbirləri müzakirə ediblər. **
A.Əzizov