Ukrayna və Azərbaycan xarici işlər nazirləri prezident İlham Əliyevin 2020-ci ilin sonunadək Ukraynaya rəsmi səfərinə hazırlıqla bağlı razılığa gəliblər. Bu barədə Ukrayna XİN-in mətbuat xidmətindən məlumat verilib.
“İyunun 17-də Azərbaycan və Ukrayna Xarici İşlər nazirlikləri arasında videokonfrans formatında növbəti siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Ukrayna tərəfindən isə xarici işlər nazirinin müavini Vasili Bodnar rəhbərlik edib. Görüşdə hər iki ölkənin ərazi bütövlüyünün və işğal olunmuş ərazilərlə bağlı siyasətin ayrı-ayrı aspektlərinin dəstəklənməsi istiqamətində gələcək əməkdaşlıq müzakirə edilib”, - deyə məlumatda bildirilir.
Diplomatlar siyasi dialoqun mövcud dinamikasının saxlanmasının vacibliyini vurğulayıblar və səylərin prezident İlham Əliyevin ilin sonunadək Ukraynaya rəsmi səfərinə hazırlığa yönəldilməsi ilə bağlı razılığa gəliblər.
"Əminəm ki, Azərbaycan prezidentinin Ukraynaya rəsmi səfəri strateji tərəfdaşlığın möhkəmləndirilməsinə ciddi təkan verəcək və birgə layihələrin həyata keçirilməsində ciddi irəliləyişə imkan verəcək", - deyə Bodnar vurğulayıb.
Bundan başqa, tərəflər birgə təşəbbüslərin, proqram və sənədlərin hazırlanması üçün nazirlik və idarələrin işinin fəallaşdırılması, eləcə də ikitərəfli işçi orqanların iclaslarının keçirilməsi barədə razılığa gəliblər.
Tərəflər, həmçinin siyasi, ticarət-iqtisadi, enerji, nəqliyyat, mədəni-humanitar və hərbi-texniki sahələrdə layihələrin həyata keçirilməsi üzrə praktiki addımları müzakirə ediblər.
Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski 16-17 dekabr 2019-cu il tarixlərində Azərbaycanda rəsmi səfərdə olub.*